Veb saytına əlavə et
FAKTXƏBƏR.AZ
FAKTDAN    DOĞAN XƏBƏR
USD: 1.7000 ₼
Qızıl: 0.00 ₼/qr
14°C Ucar

Xocalılar 27 Sentyabr – Anım Günündə şəhidlərin xatirəsini yad ediblər - VİDEO

27 Sentyabr 2026, 14:23 0 baxış

Ölkəmizin
bütün bölgələrində olduğu kimi, 27 Sentyabr – Anım Günü ilə əlaqədar
xocalıların kompakt şəkildə müvəqqəti məskunlaşdıqları Goranboy rayonunun Aşağı
Ağcakənd qəsəbəsində də anım tədbiri keçirilib.

Mərasimdə Xocalı Rayon İcra
Hakimiyyətinin rəsmiləri, şəhid ailələrinin üzvləri, qazilər, müharibə
veteranları və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə
qəsəbədə ucaldılmış Xocalı soyqırımı abidəsini ziyarət ediblər. Şəhidlərin əziz
xatirəsinə ehtiram əlaməti olaraq abidə önünə gül dəstələri düzülüb, onların
ruhuna dualar oxunub.

Tədbir ağacəkmə aksiyası ilə
davam etdirilib.

Xocalı Rayon Mədəniyyət Evində davam edən tədbirdə əvvəlcə
şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, daha sonra
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Mərasimdə çıxış edən Xocalı
Rayon İcra Hakimiyyəti başçısının müavini Lamiyə Qarayeva bildirib ki, 27
Sentyabr – Anım Günü Azərbaycan xalqının tarixində xüsusi əhəmiyyət daşıyan
günlərdəndir. Onun sözlərinə görə, Vətən müharibəsinin başlamasından ötən illər
ərzində Azərbaycan xalqının 30 illik işğala son qoymaq uğrunda apardığı
mübarizənin tarixi nəticələri bir daha təsdiqlənib.

Qeyd olunub ki, Azərbaycan
Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı Zəfər tarixi ədalətin
bərpasına yol açıb, xalqımızın milli iradəsini, birliyini və dövlətimizin
gücünü bütün dünyaya nümayiş etdirib. Vətən müharibəsi Azərbaycan tarixinin ən
şanlı səhifələrindən birinə çevrilib.

Sonra “Vətən müharibəsi
iştirakçısı”, “Suqovuşanın azad olunmasına görə”, “Şücaətə görə”, “Cəsur
döyüşçü” və “Qüsursuz xidmətə görə” medalları ilə təltif edilmiş, Vətən
müharibəsinin, Fərrux əməliyyatının və lokal xarakterli antiterror
əməliyyatlarının iştirakçısı Şəhriyar Zamanov çıxış edib.

O bildirib ki, Böyük Zəfərin
əldə olunmasında xalqın birliyi və arxa cəbhədə göstərilən fədakarlıq mühüm rol
oynayıb:

“Azərbaycan əsgəri döyüş
meydanında irəliləyərkən arxasında xalqımızın gücünü hiss edirdi. Orduya olan
inam və xalqımızın həmrəyliyi qələbəmizin əsas amillərindən biri oldu”.

Xocalı soyqırımı zamanı
həyat yoldaşını və övladını itirmiş Məlahət Əliyeva da çıxış edərək
torpaqlarımızın işğaldan azad olunmasının şəhid ailələri üçün mənəvi baxımdan
böyük əhəmiyyət daşıdığını vurğulayıb.

O qeyd edib ki, Azərbaycanın
ərazi bütövlüyünün bərpası şəhidlərin ruhlarının şad olmasına, onların
ailələrinin isə mənəvi rahatlıq tapmasına səbəb olub:

“Ruhları nigaran qalan
şəhidlərimizin viran qalmış məzarlarını ziyarət etmək imkanımız oldu. Buna görə
Vətən müharibəsinin başladığı 27 Sentyabr – Anım Günü bizim üçün həm şanlı, həm
də müqəddəs tarixdir”.

Daha sonra Xocalı Rayon İcra
Hakimiyyətinin başçısı Şahmar Usubov çıxış edərək 44 günlük Vətən müharibəsində
əldə olunan tarixi Zəfərdən və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından
keçən şəhidlərin qəhrəmanlığından danışıb.

O bildirib ki, Prezident,
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 44
gün davam edən hərbi əməliyyatları nəticəsində Ermənistan silahlı qüvvələrinin
işğalına son qoyulub və Azərbaycanın işğal altında olan ərazilərinin böyük
hissəsi azad edilib.

Rayon rəhbəri, həmçinin 19
sentyabr 2023-cü ildə həyata keçirilən lokal xarakterli antiterror
əməliyyatlarının Azərbaycanın suverenliyinin tam bərpası ilə nəticələndiyini
diqqətə çatdırıb.

Yekunda 44 günlük Vətən
müharibəsinə həsr olunmuş “Əsrə bərabər il” adlı film nümayiş etdirilib.

Anım Günü ilə əlaqədar saat
12:00-da Aşağı Ağcakənd qəsəbəsində nəqliyyat və piyadaların hərəkəti
dayandırılıb. Avtomobillər səs siqnalları verib, şəhidlərin əziz xatirəsi bir
dəqiqəlik sükutla yad olunub.

Tədbir
çərçivəsində şəhidlərin xatirəsinə ehtiram ifadə olunub, onların
qəhrəmanlığının gələcək nəsillərə çatdırılmasının vacibliyi vurğulanıb.

Bu xəbəri paylaş:

OXŞAR XƏBƏRLƏR

Səsləndirmə