Qəhvə beyinə necə təsir edir? Yeni kəşf
Qəhvənin yalnız oyaqlığı artırmadığı, bağırsaqdakı bakteriyaları dəyişdirərək beyin funksiyalarına və əhvala təsir göstərə biləcəyi müəyyənləşib.
BiG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, İrlandiyanın University College Cork alimlərinin araşdırmasında qəhvə içən insanların bağırsaq mikrobiomunda nəzərəçarpacaq dəyişikliklər müşahidə edilib. Tədqiqatçılar bu dəyişikliklərin stress, əhval, yaddaş və diqqətlə əlaqəli ola biləcəyini bildiriblər.
Araşdırmada iştirakçılar əvvəlcə iki həftə qəhvə içməyib, daha sonra kofeinli və ya kofeinsiz qəhvə qəbul ediblər. Hər iki qrupda stress, depressiya və impulsivlik göstəricilərinin azaldığı müşahidə olunub.
Kofeinli qəhvə qəbul edənlərdə narahatlığın azalması və diqqətin yaxşılaşması, kofeinsiz qəhvə içənlərdə isə yaddaş göstəricilərinin yaxşılaşması qeydə alınıb.
Alimlər hesab edirlər ki, qəhvənin beyinlə bağlı təsirlərinin bir hissəsi kofeindən deyil, bağırsaq-beyin əlaqəsindən qaynaqlana bilər. Bununla belə, araşdırma qəhvənin bu təsirlərə birbaşa səbəb olduğunu qəti şəkildə sübut etmir və əlavə tədqiqatlara ehtiyac var.
Aynur Babazadə