Veb saytına əlavə et
FAKTXƏBƏR.AZ
FAKTDAN    DOĞAN XƏBƏR
USD: 1.7000 ₼
Qızıl: 0.00 ₼/qr
14°C Ucar

Fələstin və hicab: Azərbaycana qarşı təzyiqin fərqli cəbhələri

13 Oktyabr 2026, 21:07 0 baxış

Azərbaycan ətrafında son dövrlər baş verənlər informasiya
hücumları ayrı-ayrı hadisələr kimi qiymətləndirmək getdikcə
çətinləşir. Bir müddət ölkəmizin İsraillə münasibətləri Fələstin
məsələsi üzərindən hədəfə alınır, Azərbaycanın müsəlman dünyasına
münasibəti şübhə altına qoyulur, daha sonra isə məktəblərdə hicab
və geyim qaydaları ətrafında müzakirələr başladılır. Müxtəlif
mövzular, fərqli arqumentlər, eyni nəticəyə hesablanan ittihamlar:
Azərbaycanın daxili və xarici siyasətinə təsir göstərmək
cəhdləri.


Yeni Azərbaycan Partiyasının Türkiyə Prezidenti Rəcəb Tayyib
Ərdoğanın baş müşaviri Oktay Saralın və hakim Ədalət və İnkişaf
Partiyasının (AKP) bəzi deputatlarının açıqlamalarına verdiyi cavab
bu mənzərəyə daha aydın baxmağa imkan yaradır. YAP-ın bəyanatında
Azərbaycana qarşı informasiya kampaniyasının daha aqressiv,
sistemli və açıq böhtan xarakteri aldığı bildirilir. Partiya
xüsusilə Türkiyə Prezidentinin baş müşaviri statusunda olan şəxsin
və hakim partiyanın deputatlarının bu kampaniyaya qoşulmasını
qəbuledilməz hesab edir.


Əsas məsələ təkcə ayrı-ayrı şəxslərin nə deməsi deyil. Sual
budur: Azərbaycanla bağlı həssas mövzular niyə davamlı şəkildə
siyasi qarşıdurma predmetinə çevrilir? Niyə ölkəmizin suveren
qərarları dini və mənəvi dəyərlər üzərindən mühakimə olunur? Və nə
üçün bu prosesdə Azərbaycanla Türkiyə arasında münasibətlərə zərər
vura biləcək ifadələrdən istifadə edilir?


Fələstin məsələsi: Azərbaycanın mövqeyi kimin üçün
yetərli deyil?


Azərbaycanın İsraillə münasibətləri heç kimə sirr deyil. Bakı bu
əlaqələri qarşılıqlı maraqlara və dövlətlərarası münasibətlərin
prinsiplərinə əsaslandırır. Ancaq bundan Azərbaycanın Fələstin
xalqına münasibətinin laqeyd və ya qeyri-prinsipial olduğu
nəticəsini çıxarmaq siyasi manipulyasiyadır.

Azərbaycan Fələstin xalqının qanuni hüquqlarını dəstəkləyir, bu
ölkəyə humanitar və maliyyə yardımları göstərir. Rəsmi Bakı
müstəqil Fələstin dövlətinin yaradılmasını, paytaxtının Şərqi Qüds
olmasını və münaqişənin beynəlxalq hüquq əsasında, iki dövlət
prinsipi ilə həllini müdafiə edir. Fələstin rəhbərliyi ilə yüksək
səviyyəli təmaslar, eləcə də Fələstin Dövlətinin Azərbaycandakı
səfirliyinə maliyyə dəstəyi bu siyasətin konkret
göstəriciləridir.

YAP-ın bəyanatında da məhz bu faktlar xatırladılır. Partiya
Azərbaycanın İsraillə münasibətlərinin məqsədli şəkildə təhrif
olunmasını və həmin əlaqələrdən ölkəmizə qarşı siyasi ittihamlar
irəli sürülməsi üçün istifadə edilməsini rədd edir.

Bəs Azərbaycanın Fələstin xalqına dəstəyini ifadə etməsinin yeganə
yolu İsraillə diplomatik münasibətlərdən imtina etmək, yaxud başqa
dövlətlərin siyasi ritorikasını təkrarlamaqdırmı? Azərbaycanın
xarici siyasəti hansısa ölkənin gözləntilərinə uyğun gəlmədikdə,
bu, həmin ölkənin Azərbaycana qarşı ittihamlar irəli sürməsi üçün
əsas yaradırmı?

Bu sualların cavabı aydındır. Azərbaycan Fələstinə dəstəyini öz
dövlət siyasəti, beynəlxalq hüquq və milli maraqları əsasında
müəyyənləşdirir. Türkiyənin, başqa müsəlman ölkələrinin və ya
istənilən xarici siyasi mərkəzin Azərbaycandan fərqli ritorika
seçməsi ölkəmizin müstəqil mövqeyini dəyişdirmir.

Fələstin xalqına dəstək bir ölkənin digər suveren dövlətin xarici
siyasətinə müdaxilə etməsinə əsas verə bilməz. Həmrəylik qarşılıqlı
hörmət deməkdir, siyasi itaət deyil.


Hicab məsələsi: dini həssaslıq siyasi təzyiq vasitəsinə
çevrilməməlidi


Fələstin mövzusundan sonra məktəblərdə hicab və geyim
qaydalarının müzakirəyə çıxarılması da diqqət çəkir. Bu dəfə
müzakirənin mərkəzində Azərbaycanın dünyəvi dövlət modeli, təhsil
siyasəti və dini etiqad azadlığı dayanır.

Məktəbli geyimi ilə bağlı qaydalar Azərbaycanın daxili hüquqi və
inzibati məsələsidir. Bu qaydaların necə müəyyənləşdirilməsi,
tətbiqi və ictimai müzakirəsi ölkənin öz hüquqi sistemi
çərçivəsində həyata keçirilməlidir. Xarici dövlətlərin rəsmiləri və
siyasi partiyaların nümayəndələri Azərbaycan cəmiyyətində müzakirə
aparmaq əvəzinə, ölkəmizə ultimativ tonda müraciət etməyi özlərinə
haqq bilməməlidirlər.

Azərbaycan dünyəvi dövlətdir. Ölkədə müxtəlif dinlərin və
millətlərin nümayəndələri yaşayır, dini etiqad azadlığı
Konstitusiya ilə qorunur. Multikulturalizm ölkəmizin ictimai
həyatının mühüm xüsusiyyətidir. Lakin dini müxtəlifliyə hörmətlə
yanaşmaq dövlətin təhsil sahəsində vahid qaydalar müəyyən etmək
hüququndan imtina etməsi demək deyil.

Eyni zamanda, uşaqların təhsil hüququ, qızların bərabər imkanları
və məktəblərdə heç bir şagirdin dini və ya ideoloji təzyiq altında
qalmaması da diqqətdə saxlanılmalıdır. Məktəbli geyimi məsələsini
dini qarşıdurmaya çevirmək əvəzinə, müzakirəni hüquqi çərçivədə
aparmaq lazımdır.

Burada Türkiyənin siyasi dairələrinin mövqeyi ilə bağlı ayrıca sual
yaranır. Türkiyənin özündə də dini və dünyəvi dəyərlərin
ictimai-siyasi müzakirələrdə yeri barədə fikir ayrılıqları
mövcuddur. Belə bir şəraitdə Azərbaycanla bağlı həssas dini
mövzuların siyasi ittiham və təzyiq vasitəsinə çevrilməsi nə
Türkiyə-Azərbaycan münasibətlərinə, nə də müsəlman dünyasının
həmrəyliyinə xidmət edir.

YAP-ın bəyanatında da bu məqam xüsusi vurğulanır: baş örtüyü kimi
həssas məsələlərdən siyasi manipulyasiya və bölücülük vasitəsi kimi
istifadə olunması qəbuledilməzdir.


Ayrı-ayrı hadisələr, yoxsa davamlı təzyiq
metodu?


Fələstin məsələsi ətrafında ittihamlar, İsraillə münasibətlərə
görə Azərbaycanın mühakimə olunması, ardınca məktəbli geyimi və
hicab mövzusunun siyasi müstəviyə keçirilməsi bir-birindən fərqli
görünə bilər. Ancaq bu mövzuların hər birində ortaq məqam var:
Azərbaycanın öz qərarlarını müstəqil qəbul etmək hüququ mübahisə
predmetinə çevrilir.


Bütün bunların əvvəlcədən razılaşdırılmış vahid kampaniya
olduğunu təsdiqləmək üçün əlavə faktlar tələb olunur. Lakin
hadisələrin ardıcıllığı və səsləndirilən ittihamların məzmunu
onların Azərbaycana qarşı davamlı siyasi və informasiya təzyiqi
kimi qəbul edilməsinə əsas verir. Ən azı bu prosesin nəticəsi
ölkəmizin daxili və xarici siyasətinə dair müzakirələrin süni
şəkildə gərginləşdirilməsi, ictimai rəyin qütbləşdirilməsi və
Azərbaycanla Türkiyə arasındakı münasibətlərin həssas mövzular
üzərindən sınağa çəkilməsidir.


Azərbaycanın hansı ölkə ilə münasibətlər quracağı, Fələstin
məsələsində hansı diplomatik üsullardan istifadə edəcəyi, İsraillə
əlaqələrini necə tənzimləyəcəyi və məktəblərində hansı geyim
qaydalarını tətbiq edəcəyi ölkənin öz qərarıdır. Bu məsələlər üzrə
mövqeyimizi Türkiyənin, İranın, Qərb ölkələrinin və ya başqa siyasi
mərkəzlərin gözləntilərinə uyğunlaşdırmaq məcburiyyətimiz
yoxdur.


Azərbaycan müxtəlif ölkələrin daxili işlərinə qarışmamaq
prinsipini də müdafiə edir. Türkiyənin daxili siyasi müzakirələri,
dini və dünyəvi həyatla bağlı seçimi, eləcə də başqa dövlətlərin öz
ictimai münasibətlərini tənzimləməsi həmin ölkələrin suveren
hüququdur. Bakı Ankaranın daxili məsələlərinə müdaxilə etmədiyi
kimi, Ankaradan da Azərbaycanın daxili qərarlarına eyni hörməti
gözləməkdə haqlıdır.


Bu, Türkiyəyə qarşı mövqe deyil. Əksinə, sağlam tərəfdaşlığın
zəruri şərtidir. Dostluq bir-birinin hər qərarını bəyənmək demək
deyil, razılaşmadığın məsələlərdə belə qarşı tərəfin suveren
hüquqlarını tanımaq deməkdir.


Türkiyə qardaşımızdır, himayədarımız deyil


Azərbaycan-Türkiyə münasibətləri tarixi qardaşlıq, ortaq dil,
mədəniyyət və strateji maraqlar üzərində qurulub. Bu münasibətlər
Azərbaycanın dövlətçilik tarixində xüsusi yer tutur. Lakin həmin
tarixi yaxınlıqdan siyasi üstünlük iddiası yaratmaq olmaz.


“Bir millət, iki dövlət” prinsipi iki müstəqil dövlətin
mövcudluğunu ifadə edir. YAP-ın bəyanatında da bu fikrin
mahiyyətinin təhrif edilməsinə yol verilməməli olduğu açıq şəkildə
qeyd edilir. Bir dövlətin digərinin daxili işlərinə müdaxilə etməsi
və öz siyasi-ideoloji yanaşmalarını ona qəbul etdirməsi bu
prinsipin ruhuna ziddir.

Azərbaycan Türkiyə ilə əməkdaşlıqda üzərinə götürdüyü öhdəlikləri
yerinə yetirən, müqavilələrə və qarşılıqlı razılaşmalara hörmət
edən tərəfdaş olub. İki ölkə iqtisadiyyat, enerji, nəqliyyat,
müdafiə və digər sahələrdə birgə layihələr həyata keçirib. Bu
əməkdaşlığın əsasında qarşılıqlı maraq və bərabərlik dayanır.

Azərbaycanın Türkiyəyə dost münasibəti hansısa mənəvi borc adı
altında ölkəmizin müstəqil qərarvermə hüququnun
məhdudlaşdırılmasına əsas vermir. Tarixi köklər, minnətdarlıq və
qardaşlıq siyasi təsir vasitəsinə çevrilməməlidir.


Türkiyə Azərbaycanın dostu və qardaşıdır. Amma Azərbaycan
Türkiyənin kiçik qardaşı kimi siyasi göstərişlər gözləyən ölkə
deyil. Azərbaycanın dövləti öz qərarlarını özü verir, öz
maraqlarını özü müəyyənləşdirir və öz məsuliyyətini özü
daşıyır.


Məhz buna görə də Türkiyənin yüksək vəzifəli şəxslərinin
Azərbaycanla bağlı açıqlamaları daha böyük məsuliyyətlə
ölçülməlidir. Qardaşlıq münasibətlərini qorumaq istəyən tərəflər
ictimaiyyət qarşısında qarşılıqlı etimadı zədələyən bəyanatlardan
çəkinməli, fərqli mövqeləri siyasi təzyiqə çevirməməlidirlər.

Azərbaycanın müstəqilliyi müzakirə mövzusu deyil. Fələstin
məsələsindəki mövqeyimiz də, İsraillə münasibətlərimiz də, məktəbli
geyimi ilə bağlı qərarlarımız da milli maraqlarımız və hüquqi
prinsiplərimiz əsasında müəyyənləşdirilir. Heç bir xarici siyasi
mərkəz bu seçimləri bizim əvəzimizə edə bilməz.


Qardaşlığın davamlı olması üçün əsas şərt də budur: qarşılıqlı
hörmət, bərabərlik və Azərbaycanın suverenliyinin qeyd-şərtsiz
tanınması.

Bu xəbəri paylaş:

OXŞAR XƏBƏRLƏR

Səsləndirmə