Kosmosda müəmmalı nəhəng - Alimlər heyrətamiz kəşfə imza atdılar!
Günəş sisteminin ən uzaq bölgələrindən birində indiyədək məlum olmayan yeni cırtdan planet namizədi aşkar edilib.
BiG.AZ xəbər verir ki, Çilidə yerləşən Vera Rubin Rəsədxanasının alimləri Plutonun orbitindən kənarda diametri 1500 kilometrə çata bilən nəhəng buzlu kosmik obyekt müəyyən ediblər.
"Reuters"in məlumatına görə, yeni göy cisminə 2026 ED138 adı verilib. Onun diametrinin 600-1500 kilometr arasında olduğu ehtimal edilir. Obyekt hazırda Günəşdən Yerin Günəşə olan məsafəsindən təxminən 46 dəfə uzaqda yerləşir.
Müqayisə üçün bildirək ki, Plutonun Günəşdən orta məsafəsi Yerlə Günəş arasındakı məsafədən təxminən 40 dəfə böyükdür.
Kəşfi ilk dəfə Harvard və Smitsonian Astrofizika Mərkəzinin alimi Mett Holman oktyabrın 13-də teleskop məlumatlarını araşdırarkən edib.
Sonrakı araşdırmalar zamanı məlum olub ki, obyekt 2026-cı ilin mart-iyul aylarında 20 müxtəlif gecədə 30 dəfə müşahidə edilib. Alimlər hətta 2016-cı ilə aid arxiv görüntülərində də həmin göy cisminin izlərini müəyyənləşdiriblər. Bu isə onun orbitini 10 ildən artıq dövr üzrə izləməyə imkan yaradıb.
Araşdırmalar göstərib ki, 2026 ED138-in orbiti Günəş sisteminin əsas müstəvisinə nəzərən təxminən 25 dərəcə meyillidir. Alimlər bunun Neptunun cazibə qüvvəsinin təsiri ilə əlaqəli ola biləcəyini bildirirlər.
Maraqlıdır ki, obyekt Süd Yolu qalaktikasının milyonlarla ulduzun göründüyü sıx bölgəsində yerləşdiyindən əvvəlki müşahidələr zamanı diqqətdən yayınıb.
Alimlər indi onun dəqiq ölçüsünü, səth xüsusiyyətlərini və kütləsini müəyyənləşdirməyə çalışırlar. Bunun üçün infraqırmızı müşahidələrin aparılması nəzərdə tutulur.
Bildirilib ki, Beynəlxalq Astronomiya İttifaqı hazırda beş cırtdan planeti rəsmən tanıyır: Pluton, Serera, Erida, Haumea və Makemake.(musavat.com)