Ərdoğanla Qara dəniz Taxıl Dəhlizi üzərində işləmək barədə razılığa gəldik - Zelenski
İşçi səfəri çərçivəsində İstanbula gələn Ukrayna Prezidenti
Volodimir Zelenski Türkiyə Prezidenti Rəcəp Tayyip Ərdoğanla
təkbətək görüş keçirib. Zelenski mühüm və məzmunlu görüş
keçirdiklərini və müzakirə mövzularını qeyd edib.
"Türkiyə Prezidenti Ərdoğanla mühüm və məzmunlu görüş
keçirdik.
Görüşümüzün Beynəlxalq Qara dəniz Günündə baş tutması rəmzi məna
daşıyır. Müzakirələrimizin əhəmiyyətli hissəsi Qara dənizlə bağlı
məsələlərə həsr olundu. Prezident Ərdoğanla faydalı ola biləcək bir
sıra yeni ideya və təklifləri müzakirə etdik. Buraya ərzaq
təhlükəsizliyi də daxildir. Bu gün Prezident Ərdoğanla Qara dəniz
Taxıl Dəhlizi üzərində işləmək barədə razılığa gəldik. Məqsədimiz
dəhlizin fəaliyyət göstərməsini və səmərəli işləməsini təmin
etməkdir.
Yeni birgə sənaye və digər iqtisadi layihələr hazırlayırıq.
Ölkələrimiz arasında Azad Ticarət Sazişi qüvvəyə minib və bu,
Ukrayna və Türkiyə biznesi üçün yeni imkanlar açır. Enerji və
infrastruktur sahələrində də böyük potensialımız var və bu
məsələləri də müzakirə etdik. Türkiyənin enerji şirkətlərinin
nümayəndələri ilə görüşdük. Artıq gələn həftədən generatorların və
digər enerji avadanlıqlarının tədarükünün artırılacağını
gözləyirik.
Aydın və məzmunlu əməkdaşlığa, eləcə də bizi real sülhə və
təhlükəsizliyə yaxınlaşdıra biləcək bütün perspektivli ideyaları
dəstəkləməyə Türkiyənin hazır olmasına görə Prezident Ərdoğana
minnətdaram", - deyə Zelenski "X" sosial şəbəkə hesabında qeyd
edib.